Azərbaycanın ixrac potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər

İxracın iqtisadiyyat və insanların ümumi rifahı üçün nə qədər vacib olduğu məlumdur və bunu əyani şəkildə neft qiymətlərinin ucuzlaşması ilə müşahidə də etdik. Daha əvvəldən aparılan dövlət siyasəti nəticəsində bu çətinliyin öhdəsindən qismən gələ bildik. Ölkə Başçısının da qeyd etdiyi kimi, bu çətinliklərin öhdəsindən gəlmək və gələcəkdə belə problemlərlə üzləşməməyin tək yolu ixracyönümlü iqtisadiyyatın şaxələndirilməsidir. Son dövrdə dövlətimiz tərəfindən bu sahədə, xüsusilə də kənd təsərrüfatı məhsullarının ixracatı istiqamətində ciddi işlər görülüb. Artıq çox qısa müddət ərzində ölkəmizin kənd təsərrüfatı potensialının ciddi şəkildə artdığını müşahidə edirik.

airliner with a globe and auto loader with boxes

Biz, şirkətlər qrupu olaraq, ixracyönümlü iqtisadiyyatda ciddi paya sahib şirkətlər sırasında olmuşuq və buna davam edirik. Lakin, əsas diqqət çəkmək istədiyim məqam ixracat üçün yeni biznes kanallarının formalaşdırılması ilə bağlıdır. Bu gün yeni yaranan biznes sahələrinin, xüsusilə də texnologiya sahəsinə aid bizneslərin qısa müddət ərzində beynəlxalq şirkətə çevrilməsi yönündə imkanları daha genişdir. Bu sahədə seçdiyimiz yol isə qismən fərqlidir: yenilikçi biznes sahələri ilə birbaşa məşğul olmaq əvəzinə, bu sahədə iş görməyə çalışan gəncləri artıq 1 ildən çoxdur ki, dəstəkləyirik. Keçən il təsis etdiyim “Baku Business Factory”-nin əsas hədəflərindən biri də ixracyönümlü startapları dəstəkləmək və onların beynəlxalq bazarlara çıxması üçün öz bilik və təcrübəmizi onlarla bölüşməkdir. Bu yolla biz həm istedadlı gənclərin bu işdə daha aktiv iştirak etməsinə, dolayısı ilə daha böyük insan kapitalını ixracat istiqamətində işlərə cəlb etməyə nail oluruq, həm də bu sahədə ənənənin formalaşmasına dəstək vermiş oluruq. Sevindirici haldır ki, bir yerə toplaşan həmin gənclər bu ənənəni formalaşdırır, bir-birinə dəstək verir, bir-birini cəsarətləndirirlər.

Bu gün, məni çox sevindirən digər məqamlardan biri də odur ki, hazırda Mərkəzimizə üzv olan layihələrdən 5-i ciddi ixrac potensialına malikdir və həmin komandalar bu yöndə ciddi işlər görürlər. Bu layihələrdən 2-si artıq ölkə xaricində fəaliyyətini qura bilib. Önümüzdəki aylarda Mərkəzimizə üzv olan və ixraca hazırlaşan layihələr üçün hazırda göstərdiyimiz xidmətlərdən başqa daha hansı formada dəstək göstərə biləcəyimiz istiqamətində yeni təkliflər formalaşdıracağıq.

Xatırladım ki, “Baku Business Factory” 2015-ci ilin may ayında gənclərin biznes təşəbbüslərinin dəstəklənməsi və onlara biznes vərdişlərinin aşılanması məqsədilə təsis etdiyim biznes inkubasiya mərkəzidir. Hazırda Mərkəzdə 20 fərqli biznes layihəsi fəaliyyətini davam etdirir. Daha ətraflı məlumatı www.bbf.az linkindən əldə edə bilərsiz.