Kiçik bizneslərdən böyük ümidlərə

Artıq ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində ciddi dəyişikliklər müşahidə edirik. Əvvəlki yazımda qeyri-neft sektorunun ixrac istiqamətləri haqqında fikirlərimi və bu sahədə gördüyümüz işləri sizinlə bölüşmüşdüm. İndi isə diqqətinizi digər vacib hesab etdiyim istiqamətə yönləndirmək istəyirəm. Bu, dəyişən biznes mühiti və innovasiyaların tətbiqi ilə bağlıdır. Burada öz təcrübəm və şəxsi fikirlərim əsasında biznes mühitindəki baş verən dəyişikliklərin və ən vacib hesab etdiyim faktorlar haqqında düşüncələrimi sizinlə bölüşəcəyəm.

Gələcəyin iqtisadiyyatında görünən odur ki, yeni nəsil şirkətlər, başqa sözlə desək, startaplar ənənəvi şirkətləri qabaqlayacaq. Ənənəvi şirkətlərin gördüyü işlər həmişə insanlar üçün lazım olacaq, bu da onların davamiyyətini qoruyacaq. Lakin bu yeni nəsil şirkətlərin eyni ehtiyacları qarşılamaq üçün təklif edəcəyi daha rahat alternativlər olana qədər baş verəcək. Məsələn, neft bugün əsasən energetika və kimya sənayesində istifadə edilir, amma gələcəkdə energetika funksiyasını itirəcək, bir müddət sonra isə hətta kimya sənayesi üçün xammal olma funksiyasını itirə bilər. Demək istədiyim innovasiyanın təkcə metodları yox, həm də birbaşa vasitələrin və məhsulların özlərini, bəzən isə ehtiyacları dəyişə bilməsidir.

Əlbəttə ki, ənənəvi bizneslər də innovasiyalardan istifadə edir, onlar güclü maliyyə bazalarından istifadə edərək ən son texnologiyaları öz işlərinə qısa müddətdə tətbiq edə bilirlər. Lakin onları geri qalmağa vadar edən əsas amil çevikliyin olmamasıdır. Yeni texnologiya və texnikaları tətbiq etmək innovasiyalardan tam yararlanmaq demək deyil, biznesin özü və təşkili yenilikçi olmalıdır. Struktur olaraq çox çevik idarəetmə sisteminə malik olan startapların bu sahədə daha uğurlu olacağı görünür. Mən məhz startapların özlərini çevik struktura malik sistemlərinə görə ən ciddi innovasiyalardan biri hesab edirəm.

Kommunikasiyanın biznes üçün bugünkü əhəmiyyətindən yazmağa ehtiyac yoxdur. Bu artıq hamıya məlumdur. Sadəcə, dəyişən biznes mühiti dedikdə kommunikasiyanın adını vurğulamamaq düzgün olmazdı. Bu sahədə də müşahidə etdiyim odur ki, startaplar ənənəvi şirkətlərlə müqayisədə öz müştəriləri və əhatəsində olduğu insan və qurumlarla daha yaxın və isti münasibətlər qurmaqdadırlar. Hər bir müştəriyə fərdi yanaşma və kommunikasiyadan maksimum şəkildə istifadə etmək startapları bu yöndə də bir addım önə çıxarır.

Successful businessman with arms outstretched celebrating succes

 

Hər bir startapın işi bugün kiçik bir addım olaraq görülə bilər, amma onların vəd etdikləri və qısa müddətdə yarada bildikləri fərqlər və yeniliklər bizə böyük ümidlər verir. Startapları dəstəkləmək üçün təsis etdiyim “Baku Business Factory” özü də bir startap olaraq ölkəmizdə gələcəyin iqtisadiyyatının formalaşmasında öz addımlarını atmağa çalışır. Hazırda BBF olaraq 20 startapa müxtəlif dəstəklər veririk. Bu layihələrin bəzilərinin çox ciddi iqtisadi potensiala sahib olması məni sevindirir. Buradakı hər bir startap fərqli biznes xüsusiyyətləri olan müxtəlif biznes növlərinə aiddir və onlar kənd təsərrüfatı da daxil olmaqla 4 əsas iqtisadi sektorun hamısını əhatə edirlər. Onları birləşdirən əsas amil – innovasiya və BBF-dir.

Xatırladım ki, “Baku Business Factory” 2015-ci ilin may ayında gənclərin biznes təşəbbüslərinin dəstəklənməsi və onlara biznes vərdişlərinin aşılanılması məqsədilə təsis etdiyim biznes inkubasiya mərkəzidir. Hazırda mərkəzdə 20 fərqli biznes layihəsi öz fəaliyyətini davam etdirir. Daha ətraflı məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz:

http://bbf.az/