BBF xarici tərəfdaşlarla əlaqələri gücləndirir

Əvvəlki yazımda qeyd etdiyim kimi, ölkəmizdə startapların ciddi inkişafına nail olmaq üçün onların beynəlxalq bazara çıxmasına şərait yaratmaq vacibdir. Bunun üçün, yəni startapların beynəlxalq bazara çıxmasına imkan yaratmaq üçün “Baku Business Factory” (BBF) xarici tərəfdaşlarla əlaqələrini genişləndirmək qərarına gəlib.

Bu məqsədlə son 2 ay ərzində bir sıra beynəlxalq təşkilat, nüfuzlu şirkət və səfirliklə görüşlər keçirilib və mümkün əməkdaşlıq planları müzakirə edilib. Bu təşkilatlar və nümayəndəliklərə UNDP (BMT-nin İnkişaf Proqramı), TransTech Capital LLP, Böyük Britaniyanın, Almaniyanın, İsveçrənin və Yunanıstanın Azərbaycandakı səfirlikləri və s. daxildir. Gözlənildiyi kimi, görüş keçirilən bütün təşkilat və diplomatik nümayəndəliklər BBF-lə və onun vasitəsilə digər inkubasiya mərkəzlərinin öz ölkələrindəki şirkətləri ilə əlaqə qurmasında çox maraqlıdır. İndi bu istiqamətdə birlikdə işlərə başlanılıb. Müzakirələr əsasən 3 mövzu üzərində aparılır.

Birincisi, BBF-də olan uğurlu startapların istinad edilən ölkə bazarına daxilolma yolları və layihənin bazarda özünü doğrultması müddətinədək startapa dəstəyin necə verilməsi haqqındadır.

İkincisi, həmin ölkələrdə olan biznes inkubasiya mərkəzləri ilə əməkdaşlıq qurmaq və təcrübə mübadiləsi aparmaqdır. Bu təcrübə mübadilələrindən həm biznes inkubasiya mərkəzləri, həm də startaplar faydalanacaq.

Üçüncüsü, xarici investorların yerli startapların maliyyələşdirilməsinə cəlb edilməsidir. Dolayısı ilə həmin investorlar maliyyə ilə birlikdə öz təcrübələrini də startaplarımız üçün gətirəcəklər.

Əlbəttə, aparılan müzakirələr və qarşıya qoyulan hədəflər bu 3 mövzu ilə əhatələnməyib. Başlanğıc üçün ən vacib olan faktorların bunlar olduğuna qərar verilib və əsas yola buradan başlanılıb. Qarşıda yeni hədəflərə doğru irəliləyəcəyik. Hazırda həmin üç mövzu üzrə əməkdaşlıq qurmaq üçün işlər görülür.

Növbəti plan ölkəmizdə olan digər nümayəndəliklərlə əlaqə qurmaqla yanaşı, onlar vasitəsilə birbaşa beynəlxalq bazarda fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq etməkdir. Bu əməkdaşlıq vasitəsilə BBF startaplarının beynəlxalq bazara çıxmasına imkan yaradılacaq və bu, hədəf kimi seçilib.

Xatırladım ki, “Baku Business Factory” 2015-ci ilin may ayında gənclərin biznes təşəbbüslərinin dəstəklənməsi və onlara biznes vərdişlərinin aşılanması məqsədi ilə təsis etdiyim biznes inkubasiya mərkəzidir. Hazırda mərkəzdə 20 fərqli biznes layihəsi icra olunur. Daha ətraflı məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz: http://bbf.az/