“Baku Business Factory” və “TransTech Capital” arasında anlaşma memorandumu imzalanıb

“Baku Business Factory” (BBF) və Böyük Britaniyanın “TransTech Capital” LLP şirkətləri arasında anlaşma memorandumu imzalanıb.

Tədbirdə BBF-in rəhbər şəxsləri və dəstək göstərdiyi layihələrin nümayəndələri  ilə yanaşı “TransTech Capital” şirkətinin əsas tərəfdaşı Simon Robeson və vençur tərəfdaşı Mahmut N.Sinoplu, Böyük Britaniyanın və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Karol Krofts, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson, səfirliyin nümayəndələri iştirak ediblər.

İmzalanan sənəd çərçivəsində BBF və “TransTech Capital” ölkənin elmi və mühəndislik potensialından maksimum faydalanmanın təmin edilməsi məqsədilə Azərbaycana davamlı dəstək verilməsi istiqamətində əməkdaşlıq edəcəklər.

Tərəfdaş şirkətlərin əməkdaşlığı çərçivəsində IT təlim proqramları, fərdi təlimlər, gələcək biznes təkliflərinin paylaşılması, maliyyələşdirmə, birgə sərmayə qoyuluşları və digər işlər həyata keçiriləcək.

BBF üçün ən prioritet məsələlərdən biri beynəlxalq əlaqələri gücləndirməklə mərkəzdəki startapların beynəlxalq bazara çıxmasına dəstək tapmaq və beynəlxalq zəmində təcrübə bölgüsü aparmaqdır. Bu məqsədlə bir çox xarici dövlət və şirkət nümayəndəlikləri ilə görüşlər keçirilib.

Qeyd edim ki, “TransTech” isə Birləşmiş Krallıq və Avropanın bir sıra aparıcı texniki tədqiqat institutları və mühəndislik təmayülünə malik təhsil müəssisələri ilə əməkdaşlıq edən elm və mühəndislik innovasiyaları sahəsində ixtisaslaşmış şirkətdir. O, 1983-cü ildən etibarən universitetlərdən başlayaraq elm və mühəndislik mərkəzli texnologiyalara sərmayə qoyan, mükafatlara layiq görülmüş MTI Partners-in üzvüdür və şirkətin heyətində zəngin təcrübəyə və problemləri həll etmək bacarığına malik texnologiya üzrə ixtisaslaşmış təcrübəli rəhbərlər daxildir. Şirkət texnologiyaların aydın və hamı tərəfindən qəbul edilən kommersiyalaşdırma prosedurları sahəsində yüksək təcrübəyə malikdir və şəbəkə, elm və mühəndislik innovasiyaları, eləcə də onların kommersiyalaşdırılması üzrə bilik və təcrübəsinin Azərbaycandakı akademik institutlara və sektorun digər aparıcı iştirakçılarına ötürülməsini özünün əsas fəaliyyət istiqaməti kimi müəyyənləşdirib.

Xatırladım ki, “Baku Business Factory” 2015-ci ilin may ayında gənclərin biznes təşəbbüslərinin dəstəklənməsi və onlara biznes vərdişlərinin aşılanması məqsədi ilə təsis etdiyim biznes inkubasiya mərkəzidir. Hazırda mərkəzdə 25 fərqli biznes layihəsi icra olunur. Bu layihələr ən yüksək texnologiyalardan tutmuş kənd təsərrüfatına kimi müxtəlif sektorları əhatə edir. Daha ətraflı məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz: http://bbf.az/

Screenshot_3 f554343a-e3bf-4fd8-9a6c-2064cbbd6376 e5da12f4-99ac-4874-a2af-546457cbe216 dc7a91f6-a4ae-427e-b5de-51cfe8c68a3a 9705d57f-dad4-417c-b043-3ba8d4569e90 7029b479-6f17-46de-9230-ec99d35f3512 00021b58-f9c4-439a-896f-18c6eefa1823