Biznes modelinizi başdan qurun: qətiyyət ilk uğurdur

Biznes qurarkən hər zaman araşdırma edirik. Təbii ki, nəzərdə tutduğum əsl biznes ruhlu insanlardır, əslində, heç bir araşdırma etmədən biznes qurmağa çalışanlar da az deyil, bunun nəticəsi əksər vaxtlarda uğursuzluqdur. Amma bu yazımda məqsədim biznesdə araşdırmaların əhəmiyyəti və metodları ilə bağlı deyil, daha çox araşdırmalardan sonra gələcəyimiz nəticələri necə deyərləndirməyimizlə bağlıdır.

Hər bir biznesin işlək olmasını təmin etmək üçün ilk öncə onun biznes modelini qururuq. Hər birimiz üçün də ən çətin məqam ağlımızdakı ideyanı həyata keçirə biləcək biznes modeli tapmaqdır. Bəs istifadə etdiyimiz modellər necə olmalıdır? Sınanmış və uğurlu olması isbatlanmış modellər təhlükəsizdir, əksər biznesləri uğursuzluqdan qoruyur, lakin bu yol böyük uğurlar üçün keçərli deyil. Böyük uğurların ilk addımı qətiyyətdir. Qətiyyət isə biznes ideyası ilə yox, biznes modeli qurarkən başlayır. Yeni, heç sınanmamış modelləri xəyal etməkdən, yaratmaqdan, tətbiq etməkdən çəkinməyin. Ən sadə, ən ənənəvi biznes ideyalarının belə fərqli metodlarla tətbiqi mümkündür, bu tətbiq ən sadə ideyaları ən böyük bizneslərə çevirə bilər.

Qətiyyət hər zaman və hər bir sahədə rəğbətlə qarşılanır. Sizin üzərinizə düşən vəzifə atacağınız addımın düşünmədən ideya tətbiq etməkdən deyil, qətiyyətdən doğduğunu müştərilərə çatdırmaqdır. Müştərilər bunu anladığı an sizə daha yaxın olmağa, biznesinizi, modelinizi sınamağa çalışacaqlar və bununla siz öz modelinizin onlar üçün düşünülmüş yeni bir metod olduğunu onlara çatdırma şansı əldə edəcəksiniz. Əlbəttə, qətiyyətli olmaq, yeni metodlar tətbiq etmək təklikdə uğur üçün kifayət deyil, hətta təklikdə onların heç bir əhəmiyyəti yoxdur. Bunlar öz misilsiz əhəmiyyətini modelin müştərilərə və biznesinizə gətirəcəyi faydalar və rahatlıqlarla birlikdə qazanır. Yəni demək istədiyim modelinizi qurarkən qətiyyətli olmağınız sizi uğura aparacaq demək deyil, ilk öncə modeliniz doğru düşünülmüş, biznesinizdəki bütün tərəflər üçün fayda yarada biləcək üstünlüklərə sahib olmalıdır.

Bildiyimiz hər bir nəhəng şirkətin uğur hekayəsinin arxasında bu cür addımlar dayanır və növbəti siz ola bilərsiniz. Araşdırmalarınızı aparın, ehtiyacları və onları qarşılayan uğurlu və uğursuz modelləri öyrənin, analiz edin və nəticə çıxarın, amma həm də qətiyyətli olun, biznes modelinizi başdan qurun və unutmayın, qətiyyət ilk uğurdur.