BBF: Yeni İldə yeni addımlar

Yarandığı gündən bəri ciddi layihələr həyata keçirən BBF 2017-ci ildə startaplara dəstək istiqamətində bir çox vacib və yadda qalan işlər görüb. Əlbəttə, hədəfimiz hər keçən il daha da böyüyür və görəcəyimiz işlər paralel olaraq şaxələnir və inkişaf edir. Yeni ilin başlanğıcında BBF-in bu il hansı istiqamətlərə diqqət ayıracağı,indiyədək gördüyü və davam etdirdiyi işlərdən başqa yeni hədəflərini sizlərlə bölüşmək istərdim.
ilham-serencam212121212

Əməkdaşlıq və ortaq layihələr hər zaman vacibdir. Bu səbəbdən görəcəyimiz hər bir işdə yeni tərəfdaşlar tapmağa çalışırıq. Ötən ilin sonunda İqtisadiyyat Nazirliyi ilə əməkdaşlığa başladıq. Bu əməkdaşlıq BBF-ə bir çox yeni imkanlar yaradır. Hamının bildiyi kimi, uzun illərdir ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə ölkəmizdə yerli sahibkarlığın inkişafı istiqamətində ciddi işlər görülür. Təbii ki, bu işlərin həyata keçirilməsində ən aktiv iştirak edən qurumlardan biri məhz İqtisadiyyat Nazirliyidir. Uzun illər ərzində toplanmış geniş məlumat bazası, təcrübə və biliklərlə tanışlıq həm BBF-ə, həm də BBF-də fəaliyyət göstərən startaplar üçün yararlı olacaq. İnanıram ki, bu əməkdaşlıq yerli sahibkarlığın inkişafı istiqamətində yeni imkanlar yaradacaq və parlaq gənclərimiz bu imkanlara rahat çıxış əldə edəcəklər.

Screenshot_3

 

Bizim üçün 2018-ci ildə mühüm olacaq yeni istiqamətlərdən biri də bölgələrimizdə yaşayan potensiallı gənclərlə işdir. Əsas məqsədlərimizdən biri bu gəncləri müəyyən etmək və onların öz ideyalarını həyata keçirməsinə dəstək göstərməkdir. Onlar  ideyalarını yaşadıqları bölgədə həyata keçirə və ya Bakıya gəlib BBF-in daxili imkanlarından birbaşa istifadə edə bilərlər. Hər iki halda biz onları dəstəkləməyə çalışacağıq. Bu istiqamətdə görüləsi çox işlər var. İlk olaraq, BBF-in təcrübəli və peşakar komandası tərəfindən əməkdaşlıq etdiyimiz digər mütəxəssislərlə birlikdə bölgələrə səfər edib oradakı potensialı müəyyənləşdirməyi, eləcə də bölgələrdə yaşayan parlaq gəncləri ideyalar qurmağa və onları həyata keçirməyə təşviq etməyi planlaşdırırıq. Təbii ki, bu yolda digər qurumlarla əməkdaşlıq etməyə çalışacağıq. Məhz İqtisadiyyat Nazirliyi ilə qurduğumuz əməkdaşlıq bu işdə bizim üçün çox vacibdir, onların bölgələrdə yerləşən ofisləri işlərimizin koordinasiya olunmasında, əlaqələr qurulmasında ciddi rol oynayacaq. Digər dövlət qurumları və özəl təşkilatlarla da bu istiqamətdə əməkdaşlıq qurmaq üçün danışıqlar aparırıq.

Parlaq gənclər deyərkən, ilk növbədə, tələbələr nəzərdə tutulur. Bu səbəbdən 2018-ci ildə tələbələrlə bağlı işimizi genişləndirməyə qərar verdik. Bugünə kimi tələbələr BBF-dən yalnız startap layihələri həyata keçirmək və təşkil olunan seminarlarda iştirakedərək yararlana bilirdilər. İndi onlar BBF-də təcrübə proqramlarından da yararlanacaqlar. Bu istiqamətdə ilk olaraq Azərbaycan Turizm və Menecment Universiteti ilə əməkdaşlığa başlamışıq. Bir qrup tələbə BBF-də peşəkar iş təcrübəsi keçəcək, startapların necə işləməsi ilə tanış olacaq, həmçinin marketinq araşdırmaları və layihələrin inkişafı proseslərində yaxından iştirak edəcəklər. Növbəti aylarda başqa universitetlərlə də bu istiqamətdə müxtəlif işlər görüləcəkdir.

Screenshot_2

Keçən il bizim üçün prioritet sahələrdən biri də xarici tərəfdaşlarla əməkdaşlıq edib, startaplarımızın onların təcrübə və imkanlarından yararlanmasına şərait yaratmaq idi. Bu sahədə bir çox ciddi işlər gördük və bunu daha da genişləndirmək fikrindəyik. Cənubi Koreyanın Azərbaycandakı Səfirliyi ilə qurduğumuz əməkdaşlıq artıq yeni mərhələyə çatıb. Koreyadan dəvət edəcəyimiz mentorların BBF-də yerləşməsi və yerli startaplara mütəxəssis dəstəyi göstərməsinə dair razılığa gəlinib və yaxın vaxtlarda bunun icrasına başlayacağıq. Digər ölkələrlə də əməkdaşlıq üçün ciddi addımlar atılıb və görüşlər keçirilib. Əldə olunan razılıq və bu istiqamətdə görüləcək işlər haqqında vaxtaşırı daha ətraflı məlumat veriləcək.

Screenshot_5

2018-ci ilə böyük layihələr və planlarla, ən əsası isə böyük həvəslə başladıq. Bu il komandamız, gənc dostlarımız, əməkdaşlıq etdiyimiz mütəxəssislər və qurumlarla birlikdə həyata keçirəcəyimiz hər bir layihə bizi ümumi məqsədimizə birazda yaxınlaşdıracaq.

Xatırladım ki, “Baku Business Factory” 2015-ci ilin may ayında gənclərin biznes təşəbbüslərinin dəstəklənməsi və onlara biznes vərdişlərinin aşılanması məqsədi ilə təsis etdiyim biznes inkubasiya mərkəzidir. Hazırda mərkəzdə 20 fərqli biznes layihəsi fəaliyyətini davam etdirir. Daha ətraflı məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz: bbf.az