Haqqımda

Anar Əlizadə (Əliyev) biznesə çox gənc yaşlarında başlayan və beynəlxalq miqyasda uğurlu biznes modeli formalaşdıran qabaqcıl iş adamlarından biridir. O hazırda müxtəlif biznes sektorlarında fəaliyyət göstərən onlarla şirkətin sahibi və həmtəsisçisidir.

Anar 1978-ci il sentyabrın 21-də Naxçıvan şəhərində ziyalı ailədə anadan olub. Orta məktəbi bitirdikdən sonra 1996-2000-ci illərdə Naxçıvan Dövlət Universitetində İqtisadiyyat üzrə bakalavr təhsili alıb, daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında İqtisadi İdarəetmə ixtisası üzrə magistr diplomu alıb. Hələ çox gənc yaşlarında iş həyatına atılan Anar 90-cı illərin sonlarında Türkiyədən müxtəlif məhsulların gətirilib Naxçıvanda satılması ilə məşğul olmağa başlayıb. Bundan əlavə, o, avtomobil idxalı və ailəsinin malik olduğu sərnişin daşımaları bizneslərində də fəal iştirak edib.

Anar Əliyev 2000-ci illərin əvvəllərində Bakıya gələrək biznesini burada davam etdirməyə başlayır. Bazardakı iqtisadi gedişatı düzgün dəyərləndirərək Türkiyə ilə Naxçıvan arasında apardığı ticarət nəticəsində əldə etdiyi özünün və ailəsinin topladığı ilkin kapitalı effektiv şəkildə Bakının daşınmaz əmlak bazarına yatırır. Bu qərar ona bir neçə il sonra daşınmaz əmlakın kəskin bahalaşması ilə böyük qazanc gətirəcəkdi.

2000-ci illərin ortalarında Anar Əliyev artıq Azərbaycanda və Azərbaycandan kənarda uğurlu biznes qurucusu kimi tanınmağa başlayır. Bu dövrdə o nəqliyyat, ticarət, tikinti və istehsal sektorlarında bir çox şirkətlə əməkdaşlıq edirdi. Dünya bazarında gedən dəyişikliklər nəticəsində BƏƏ-də artan biznes potensialını görən Anar bu ölkə ilə Azərbaycan arasında ticarət əlaqələri qurulmasını qərara alır və, o, bu sahə ilə məşğul olan ilk azərbaycanlılardan olur. Azərbaycanda kompüter və elektron avandanlıqlara olan ehtiyacın sürətlə artdığını nəzərə alaraq BƏƏ-də ilk Azərbaycan investisiyalı şirkətlərdən birini quraraq Azərbaycanın elektron məhsullara olan tələbatının qarşılanmasında rol oynayır.

BƏƏ-dəki iş fəaliyyəti Anarın neft sektoruna olan marağını artırır və nəticədə, o, bir neçə neft servisi şirkətləri qurur və Azərbaycana BƏƏ-nin effektiv və uğurlu təcrübəsini idxal edir. Bu vəsilə ilə o, “Grand MMC” adlı şirkəti təsis edərək neft avadanlıqlarının ticarətinə və yerli neft şirkətlərinə texniki xidmətlərin göstərilməsi işlərinə atılır. Bu sahədəki uğurları Anarı ARDNŞ-nin etibarlı tərəfdaşına çevrilməsinə gətirib çıxarır. Bir müddət sonra bütün mövcud şirkətlərini dünyanın ən şəffaf ölkərindən biri olan – Sinqapurda qurulmuş Union Grand Energy PTE şirkəti altına toplayan Anar Əliyev onu Azərbaycana bəyan edir və onun nümayəndələyini açır. Beləliklə, Anar Azərbaycandan kənarda əldə etdiyi gəlirlərdən külli miqdarda vergi verən ilk nümunəvi azərbaycanlı iş adamlarından olur.

Bu dövrdə bir iş adamı kimi Anarın diqqətini çəkən digər məsələlərdən biri də Azərbaycan neftinin xarici treyder şirkətləri tərəfindən satılması idi. Bu, həm neft gəlirlərinin azalmasına, həm də Azərbaycan neftinin brendləşməsində çətinliklərə səbəb olurdu. Türkiyədə olarkən tanınmış neft treyderi Valeri Qolovuşkin ilə görüşdən sonra bu sahədə fikirlərini qətiləşdirən Anar öz təklifini hazırlayaraq ARDNŞ-ə göndərdi və nəticədə SOCAR Trading SA-nın əsası qoyuldu. Bu şirkətin uğurlu fəaliyyəti nəticəsində Azərbaycan 5 il ərzində 2 milyarda yaxın ABŞ dolları mənfəət əldə etmiş və “Azeri Light” neftinin dünyada brendləşməsinə nail olmuşdur. Anar Əliyev 2012-ci ildə SOCAR Trading SA şirkətindəki səhmlərinin hamısını bazar dəyərindən aşağı qiymətə ARDNŞ-ə satıb.

Hazırda Anar Əliyev Azərbaycan, BƏƏ, Türkiyə və Sinqapurda neft, tikinti, ticarət və istehsal sektorlarında uğurla fəaliyyət göstərən bir çox şirkətə rəhbərlik edir. Bütün bu şirkətləri birləşdirən əsas faktorlar biznes tərəfdaşlarının mənafelərinin prioritet kimi qəbul edilməsi və ən yeni texnologiyaların tətbiqi ilə etibarlı və asan iş mühitinin formalaşdırılmasıdır. Anar Əliyevin öz sözləri ilə desək, “Bugün biznesdə uğur qazanmaq üçün bazardakı tendensiyaları düzgün qiymətləndirmək kifayət etmir, bugün biznesdə ən böyük uğur tərəfdaşlarımız, yəni müştərilərimiz ilə etibarlı və sıx əlaqələrin qurulmasıdır. Onsuz da bazardakı tendensiyaları onlar müəyyən edir”.

Bazardakı ehtiyacı görmək, yaxın tərəfdaş olmaq və yeniliklərdən geri qalmamaq kimi biznes vərdişləri ilə yanaşı, Anar xeyriyyəçilik fəaliyyətlərinə də daim diqqət ayırır. O, ölkədə sahibkarlığın inkişafı, uğurlu yenilikçi biznes modellərinin formalaşdırılması, işçilərin həyat standartlarının yaxşılaşdırılması və digər xeyriyyəçilik aksiyalarında da fəal iştirak edir. İşçi ailələlərinin mənzillərlə təmin olunması, uğurlu tələbələrə maddi yardımların göstərilməsi, müharibə veteranlarına, qüsurlu uşaqlara köməkliklərin edilməsi bu kimi fəaliyyətlər arasındadır.

Anar Əliyev xaricdə qazandığı vəsaitləri Azərbaycanda reinvestisiya etməyi də özünə prioritet sahə kimi seçib. Bu qisimdə onun Azərbaycanda həyata keçirdiyi ən vacib layihələrdən biri köhnəlmiş və istifadəyə yararsız zavodların və fabriklərin ən son texnologiyalardan istifadə edilməklə yenilənməsi və müasir avadanlıqlarla təchiz edilməsidir.

Anar Əliyevə məxsus şirkətlərin quruda yerləşən köhnə neft yataqlarında neft istehsalının effektiv şəkildə artırılmasını, yeni quyuların qazılmasını və onları müasir avadanlıqlarla təmin edilməsini, nüfüzlu “Bakı Ağ Şəhər” layihəsində uğurlu iştirakını, ehtiyacı olan işçilərin ailələrinin mənzillərlə təmin olunmasını və fəal xeyriyyəçiliyi böyük nailiyyətlərin bir göstəricisi kimi qeyd etmək olar.

Anar Əliyev və onun fəaliyyətləri haqqında daha çox məlumat əldə etmək üçün aşağıdakı linklərdən yararlana bilərsiniz:

facebook

twitter

google +

linkedin

wikipedia