Hörmətli Oxucular!
Həmişə olduğu kimi bu səfər də Azadlıq Radiosu 17 Sentyabr 2014-cü il tarixində “Rövnəq Abdullayevin qayınatasının neft biznesi” adlı provokasiya xarakterli növbəti “sifarişli” məqaləsini çap etdi.
Həmin məqalədə iddia olunan bir çox məlumatların həqiqətə uyğun olmadığını təsdiq edirəm. Bundan əlavə qeyd olunur ki, 2013-cü ildə verdiyim şəxsi bəyanatdan sonra məndən heç bir səs çıxmayıb. Artıq, Azadlıq Radiosunun qeyd olunduğu məqaləsinin və buna həsr olunmuş “İşdən sonra” verilişinin sifariş xarakteri daşıdığı məndə heç bir şübhə doğurmur. Bu nəşriyyatın arxasında duran şəxslər Azərbaycana və onun mənafelərinə düşmən mövqe seçmələri də artıq çoxdan qabarıq şəkildə göz qarşısındadır. Bu cür məqalələr ilə onların əsas məqsədləri, saxta sənədlərlə (hansılar ki, naməlum İnternet xaker mənbələrindən əldə edilib və hüquqi baxımdan heç bir qüvvəyə malik deyillər) Azərbaycanda ictimaiyyəti çaşqınlığa salmaqdır. Təbii ki, bu cür əməllərə onlar KİV vasitəsi ilə nail olurlar. Fikir versəniz, Azadlıq Radiosu adı gedən məqaləni çap etdikdən sonra onlardan bir neçə saniyə sonra aparıcı müxalifət mediası dərhal eyni məqaləni geniş şəkildə yaydı. Bunlar arasında bu cür harmoniyanın olması onların eyni mənbədən tapşırıqlar almaları barədə heç bir şübhə doğurmur. Mənim səsimin çıxmaması haqda iddialara gəldikdə isə bunlar hamısı əsassızdır. Mənim bu şəxsi saytım, şirkətimin korporativ saytı və şəxsi bloqum Global Witness və müxtəlif medianın mənə qarşı başladığı geniş kampaniya zamanından fəal şəkildə işləyir, yenilənir və mənə öz şəxsi bəyanatlarım ilə çıxış etməyə imkan verir. Artıq Sizlər, bunun şahidisiniz ki, mütəmadi olaraq oxucularıma buradan müraciət edirəm və mənə qarşı olan hər hansı bəyanatlara, kampaniyalara və hərəkətlərə dərhal cavab verirəm. Azərbaycana düşmən mövqeyi seçən təşkilatların və medianın bu cür bəyanatları artıq mənim üçün heç də gözlənilməz sürpriz deyil, çünki Global Witness təşkilatı eyni strategiyadan istifadə edir. Onlar öz saytlarında mənim İngilis dilində olan müsahibəmin əvəzinə, ancaq Rus dilində olan variantın internet linkini yerləşdiriblər, halbuki həmin müsahibə mənim hüquqşünaslarım tərəfindən onlara təqdim olunub və həmçinin mənim şəxsi saytımda 3 dildə mövcuddur. Tam aydın olur ki, bu cür qərəzli yanaşma bir məqsəd daşıyır, məni ləkələmək və mənim dediyim obyektiv və düzgün faktları isə kobud şəkildə etina etməkdir. Bu cür yanaşma ilə onlar heç zaman doğrunun doğru olduğunu söyləməyəcək və ədalətli obyektiv qiymətləndirmədən hər zaman uzaq olacaqlar, çünki bunu etməyə onlara onların himayədarları tapşırıq verib!
Anar Əlizadə
Bakı, 25 sentyabr 2014-cü il