Biznes dünyasında qərar qəbuletmə bacarığı


Hər birimiz yaşadığımız müddətdə çoxlu qərarlar veririk. Bu qərarlar bizə, həyatımıza, ailəmizə, dostlarımıza, biznes dünyamıza, şirkətlərimizə, bəzi hallarda ölkəmizə, hətta dünyaya təsir edir. Bəzən bu qərarları heç düşünmədən veririk. Amma qərar verməzdən əvvəl bizi yönləndirəcək dəyərlər analitik düşünmə, təcrübə, bilgi, cəsarət və riskləri ayırd etmə bacarıqlarımızdır. Məşhur amerikalı menecment professoru Noel Tiçi deyir ki, mükəmməl qərarlar təsadüfən verilmir. Biz də bu fikrə qatılırıq. Bu yazıda qərar vermə prinsipləri ilə bağlı fikirləri sizinlə bölüşəcəyik, lakin bu prinsiplər yalnız iş dünyası ilə, xüsusilə də startaplarla bağlı olan qərarları əhatə edir. Artıq menecerlər və eləcə də işçilər tez-tez müxtəlif mövzularda qərar vermək məcburiyyətində qalırlar. Hər bir təşkilatın, hər bir şirkətin və hər bir startapın daha məhsuldar və daha rəqabətcil qala bilməsi üçün bu çox vacibdir və günü-gündən bu hal daha intensiv və daha vacib faktora çevrilir. Bu prosesdə bizim ən böyük dəstəkçilərimizdən biri də yeni informasiya texnologiyaları vasitələridir. Xüsusilə də, son vaxtlar CRM proqramlarından daha çox istifadə edirik. Bu vasitələr qərar vermələrimizi sürətləndirir və daha dəqiq edir. Lakin burada başqa bir məqam ortaya çıxır: analiz etdiyimiz məlumatların doğruluğu. Məlumatların düzgün və tam olması ən az qərarın özü qədər vacibdir. Qərarlarımızın nəticələri davamlı olmalı və şirkətin makrohədəfindən, yəni missiyasından heç vaxt kənara çıxılmamalıdır. İddialı, böyük iş planları ilə bağlı qərar verərkən adətən qərarın əhəmiyyətinə, əhatə dairəsinə paralel olaraq risklər, təhlükələr, xərclər və çətinliklər də böyüyür. Bu səbəbdən bu qərarları və onların tətbiqini asanlaşdırmaq lazımdır. Böyük qərarlar verərkən onu həmişə 4 mərhələli düşünürük. Birincisi, hazırlıq mərhələsidir. Bunun üçün mövzu tam şəkildə anlaşılmış olmalı, ona uyğun məlumatlar toplanmalı və analiz edilməlidir. İkincisi, qərarın verilməsi və kollektivə açıqlanmasıdır. Üçüncüsü, qərarın tətbiq edilməsidir. Dördüncü mərhələ isə ən kritik olanıdır. Bu, verilən qərarda bir yanlış varsa, onun düzəldilməsidir. Unutmayın, yanlışı qəbul etmək başqa bir yanlışın qarşısını alır və bu hər bir liderin sahib olmalı olduğu xüsusiyyətdir. Startapların qərar vermə proseslərinə toxunmaq istərdik. Şirkətin yeni qurulduğu ərəfələrdə ən çox rastlanan zəif tərəflərdən biri liderliklə bağlıdır. Adətən bu şəxslər bir neçə güclü əlamətlərə sahib olsalar da, onların zəif cəhətləri daha çox olur. Hesab edirik ki, bu halda liderin sahib olmalı olduğu ən vacib güclü əlamət onun öz limitlərini bilmiş olmasıdır. Daha sonra öz komandasını necə dəstəkləyəcəyi və komandadakı boşluqları doldurmaq üçün outsorsinq edib-etməyəcəyidir. Bu 2 məqam startapların təkcə hər hansı bir məsələdə qərar verməsinə deyil, şirkətin daimi qərar vermə prosesinə təsir göstərir. Bir çox liderlər qərarsızlıq problemi ilə qarşılaşır. Xüsusilə də, yeni qurulmuş şirkətlərin rəhbərləri təcrübə azlığı səbəbindən çox hallarda tərəddüd edirlər. Bu da şirkətin rəqabətdə geri qalmasına yol açır. Biznes tərəddüdləri bağışlamır. Hər bir lider verdiyi qərarlardan və gördüyü işlərdən əmin olmalıdır, eləcə də, səhv etməkdən çəkinməməlidir. Biznes səhvlərdən öyrənərək böyüyür, tərəddüdlər isə onu sadəcə geridə qoyur. Son olaraq çoxumuzun tanıdığı Nitsşenin çox gözəl bir fikri ilə yazını bitirək: “Bir təşəbbüs edəcəksinizsə, qərarsızlıq qapılarını bağlayın”.