“Business Time” jurnalı “Azeri Business Award 2014” milli mükafatı ilə təltif olunan Anar Əlizadə barədə tanıtım məqaləsi dərc edib


ANAR ƏLİYEV (ƏLİZADƏ)

“Union Grand Energy PTE”

Şirkətlər qrupunun təsisçisi və sahibi

Azərbaycanlı iş adamı cənab Anar Əliyev (Əlizadə) Azərbaycan Respublikasının işgüzar aləminin gənc müvəffəqiyyətli nümayəndələrin simvollarından birinə çevrilib. Son il ərzində cənab Əlizadənin adı verdiyi çoxsaylı müsahibələr, o cümlədən bizim jurnalımıza verdiyi, ölkəmiz barəsində düşmən mövqeyini tutan bəzi xarici təşkilatlar tərəfindən Azərbaycana qarşı tətbiq edilən yalançı və qərəzli mövqeyi ifşa edən ətraflı müsahibə sayəsində geniş ictimaiyyətə məlum olub.

Cənab Anar Əlizadənin uğurlu iş adamı kimi formalaşma tarixi Azərbaycanda iş aləmində böyük nailiyyətlər əldə etmək istəyənlərin çoxları üçün nümunə ola bilər. Erkən yaşda sahibkarlıqda ilk addımlarını atan Anar Əlizadə, məqsədyönlüyü və iş qabiliyyəti sayəsində 37 yaşına qədər böyük idarəetmə qabiliyyəti, bir neçə uğurlu biznes və etibarlı tərəfdaş və sərmayəçi nüfuzunu əldə edib.

Uğurlu biznesini Türkiyədən tekstil və qida məhsullarının və xaricdən avtomobillərin idxalı ilə başlayan cənab Anar Əlizadə öz fəaliyyətini paytaxtda genişləndirməyə başlayıb. Ailəsinin və böyük başlanğıc kapitalının köməyilə o, Bakıda daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olub. Eyni zamanda A.Əlizadə yaşayış binalarının tikintisi, tikinti materialları və avadanlıqlarının alqı-satqısı ilə məşğul olmağa başlayıb. Lakin gənc və artıq uğurlu iş adamı olan Əlizadə əldə etdikləri ilə kifayətlənməyib və “Aztrans” şirkətini təsis edərək, 17 iri yük avtomobil nəqliyyatı vasitəsi ilə meyvə və tərəvəz məhsullarının Rusiya bazarına daşınmasını və ixracını təşkil edib. 2000-ci illərin ortalarında o, sərfəli və o dövr üçün bir o qədər geniş yayılmayan sahə – BƏƏ-dən Azərbaycan bazarına kompüter və elektronika mallarının idxalı ilə məşğul olub. Dünyada ən iri neft ixracat bazarını tədqiq edən iş adamı bu ölkənin enerji sektorundakı təcrübəsi ilə maraqlanıb. Neft-qaz sahəsində servis xidməti onda böyük maraq doğurub. Azərbaycanda energetika inkişafının perspektivləri və yerli neft və neft-servis şirkətlərinin müxtəlif avadanlığa olan böyük tələbatı onun diqqətini cəlb edib. Onun tərəfindən təsis edilən “Grand MMC” şirkəti energetika sahəsi üçün avadanlığın idxalı ilə məşğul olmağa başlayıb. 2000-ci illərin əvvəllərində “Grand MMC” Azərbaycana neft borularının rentgen yoxlama avadanlığını gətirən ilk şirkətlərdən biri olub. BƏƏ-də Azərbaycan biznesinin ilk şirkət quranlardan biri olan cənab Əlizadə bu ölkədə böyük uğurlar əldə edib və 10 ildən artıqdır ki, bu bazarda təmsil olunur. Anar Əlizadənin müxtəlif sahələrdə əldə etdiyi uğurlar, eləcə də neft servisi şirkətlərinə keyfiyyətli servis tədarükçüsü kimi etibarlı olması, onun SOCAR ilə əməkdaşlığına yol açdı. İnnovasiya yanaşması və yerli bazarda neft emalı sahəsinin ən müasir texnoloji nailiyyətlərini təqdim etmək bacarığı onun SOCAR və digər yerli neft şirkətləri ilə illər boyu davam edən uğurlu əməkdaşlığının təməlini qoydu. Dünyanın ən nüfuzlu və mötəbər ölkələrindən biri – Sinqapurda təsis edilən “Union Grand Energy PTE” şirkətlər qrupunun yaradılmasından sonra cənab Əlizadə bütün mövcud şirkətlərini birləşdirib və onun nümayəndəliyini Azərbaycanda qeydiyyatdan keçirib. Bununla da o, hər kəsə, o cümlədən vergi orqanlarına Azərbaycanda xarici strukturun olmasını açıqlayıb. Daha sonra “Union Grand Energy PTE” şirkətlər qrupu Azərbaycanın müxtəlif iqtisadiyyat sahələri, o cümlədən neft sektoruna fəal cəlb olunmağa başlayıb. Milli işgüzar cəmiyyətin nümayəndəsi kimi Əlizadənin ən böyük nailiyyətlərindən biri onun SOCAR Trading SA neft-treyder şirkətinin təsis olunması üzrə təşəbbüsü olub. Beynəlxalq nüfuzlu konsaltinq şirkətlərinin müstəqil hesabatlarına görə, həmin şirkətin Azərbaycana gətirdiyi gəlir milyardlarla dollarla ölçülür. Əgər SOCAR Trading SA şirkətinin təsis olunmasına qədər SOCAR xam nefti dünya bazarına xarici treydinq şirkətləri vasitəsilə çıxarırdısa, təsis olunduqdan sonra SOCAR Trading SA Azərbaycan xam neftinin əsas satış mərkəzinə çevrilib. Bunun nəticəsində Azərbaycan neftinin dünya bazarında qiyməti xeyli artıb və o, ilk dəfə olaraq dünya bazarına öz brendi ilə çıxıb. Məhz Əlizadənin SOCAR Trading SA şirkətinin yaradılma prosesində iştirakı və onun qlobal maliyyə burulğanı dövründə şirkətə göstərdiyi fəal maddi dəstəyi həmin şirkətin güclənməsi və gələcək inkişafında böyük rol oynayıb. Məhz SOCAR Trading SA çərçivəsində əməkdaşlıq onun SOCAR ilə tərəfdaşlığını yeni səviyyəyə çıxarıb və onun etibarlı tərəfdaş kimi nüfuzunu möhkəmləndirib. Diqqətəlayiqdir ki, cənab Əlizadə Azərbaycanla yanaşı xaricdə əldə etdiyi gəlir üzrə də ölkəsindəki ən iri vergi ödəyicilərindən biridir. Cənab Əlizadənin biznesinin böyük hissəsi Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda cəmləşib. Azərbaycanda belə böyük layihələrdən biri “Baku White City” layihəsində ofis binasıdır. Bu gün cənab Anar Əlizadə həm Azərbaycanda, həm də xaricdə iqtisadiyyatın müxtəlif sahələrində uğurlu inkişaf edən bir neçə şirkətlərin təsisçisidir.

Onun şəffaf, ədalətli və sərt idarə strategiyası bir çox yerli və beynəlxalq şirkətlərlə etibarlı tərəfdaş münasibətləri qurmağa, eləcə də dünya arenasında Azərbaycan biznesini layiqincə təmsil etməyə imkan yaradıb. Biznesin beynəlxalq miqyasda aparılmasında şəffaf və səmərəli yanaşma və Azərbaycana qarşı düşmən qüvvələrlə mübarizədə öz ədalətli mövqeyini və milli maraqlarını cəsarətlə müdafiə etməsi “İşgüzar nüfuz” milli nominasiyası üzrə mükafatın məhz cənab A.Əlizadəyə verilməsi ilə bağlı müstəqil qərarın qəbul edilməsində əsas oldu.