“Business Time” müstəqil biznes jurnalının münsiflər heyətinin qərarı ilə “Union Grand Energy PTE” Şirkətlər Qrupunun təsisçisi və sahibi Anar Əlizadə “Azeri Business Award 2015” mükafatına layiq görülüb.
“Report” xəbər verir ki, A.Əlizadəyə mükafat “İlin biznes təşəbbüsü” nominasiyası üzrə təqdim olunub.
Qeyd edək ki, iş adamı Anar Əlizadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işgüzar elitaya ölkə iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafına maksimum səy göstərilməsi ilə bağlı ünvanladığı çağırışı rəhbər tutaraq 2015-ci ilin may ayında gənclərin biznes təşəbbüslərinin dəstəklənilməsi məqsədilə “Baku Business Factory” adlı biznes inkubasiya mərkəzini təsis edib.
Fəaliyyətinin ilk 8 ayında 430-dan çox müraciət qəbul edən “Baku Business Factory” həmin müraciətləri nəzərdən keçirərək 17 müxtəlif biznes layihəsini dəstəkləmək qərarına gəlib. Seçilən 17 layihəyə nəzər yetirdikdə onların 11 müxtəlif biznes fəaliyyət növünə aid olduğu görünür ki, bu da təşkilatın ölkə iqtisadiyyatının şaxələnməsi yönündə olan məqsədinə ciddi surətdə əməl edərək inkişaf etdiyini göstərir. Layihələrdən 9-u hazırda öz biznes fəaliyyətlərinə başlamış və davamlı gəlir əldə etməyə nail olmuşlar. Qalan layihələrdən 5-i yenicə biznesə addımlarını atdıqları üçün gəlir gətirmə mərhələsinə hələ çatmayıblar. Digər layihələr isə hazırlıq mərhələsindədir.