“Baku Business Factory” müxtəlif sektorlara aid biznes növlərini dəstəkləyir


“Baku Business Factory”ni təsis edərkən ən əsas məqsədlərimdən biri yeni formalaşan biznes sahələrini dəstəkləməklə iqtisadiyyatımızın şaxələnməsinə töhfə verməkdən ibarət idi. Məhz bu səbəbdən dəstək proqramları üçün biznes layihələrini seçərkən təkcə onların rəqabət göstərdiyi təşkilatlardan deyil, onların bir-birindən fərqlənməsinə də əhəmiyyət veririk. Bu yolla həm BBF-dəki layihələrin bir-birinin xidmətlərindən istifadə etməklə qarşılıqlı inkişafına töhfə verməsinə, həmçinin daha çox biznes sahələrinə aid layihələri dəstəkləməklə müxtəlif sektorlar üçün nümunəvi şirkətlərin formalaşmasına nail olmuş oluruq.

Bu yöndə apardığımız işlərin nəticəsi statistikalarımızda da aydın şəkildə görünür. Hazırda BBF-in xidmətlərindən istifadə edən 19 layihə bütün 4 əsas iqtisadi sektoru, yəni istehsal, xidmət, ticarət və kənd təsərrüfatı sektorlarını əhatə etməklə 16 fərqli biznes fəaliyyəti növünü əhatə edir. Digər sevindirici hal isə bütün bu startapların hansı sektorda fəaliyyət göstərmələrinə baxmayaraq, öz işlərində innovativ metodlardan, xüsusilə də informasiya texnologiyalarından aktiv istifadə etməsidir.

Xatırladım ki, “Baku Business Factory” 2015-ci ilin may ayında gənclərin biznes təşəbbüslərinin dəstəklənməsi və onlara biznes vərdişlərinin aşılanılması məqsədilə təsis etdiyim biznes inkubasiya mərkəzidir.

Daha ətraflı məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz: http://bbf.az/