“Baku Business Factory” Universitetlərlə Əməkdaşlığa Başlayır


“Baku Business Factory” parlaq gəncləri üzə çıxarmaq üçün universitetlərlə əməkdaşlıq etməyə başlayır. Bu məqsədlə təşkilatımızın əməkdaşları bir-bir universitetlərə gedəcək, tələbələr üçün təqdimatlar edəcək, BBF-də yaradılan şərait haqqında onları məlumatlandıracaq və dəstəyə ehtiyacı olan parlaq gənclərimizlə əməkdaşlıq üçün ilkin addımlar atacaqlar. Yetişmiş kadrlar bizneslə məşğul olur, çünki onlar həmin sahədə yaxşı olduqlarını bilirlər. Gənclər isə təcrübə azlığına görə özlərinə əmin olmaqda çətinlik çəkə bilərlər. Bizim də işimiz onlara bu əminliyi vermək, onları bizneslə məşğul olmağa təşviq etməkdir.

Əvvəlki yazılarımda da qeyd etdiyim kimi inanıram ki, uğurlu ideyası olan gəncə bir şans vermək kifayət edər: “Hazırda onlar üçün bu şansları yaratmağa çalışırıq, amma təkcə bu şansı yaratmaq kifayət etməyə bilər, bunu onlara birbaşa çatdırmaq, bəzən də ilk təşəbbüsü onların əvəzinə bizim etməyimiz lazım gələcək. Bu yol uzun və çox əmək tələb edən bir sahədir, amma bununla bir o qədər də əyləncəli və böyük uğurlarla dolu ola biləcək bir öhdəliyi həyata keçirməyə çalışırıq. Dünya təcrübəsi də göstərir ki, ən uğurlu bizneslərin əksəriyyətinin əsası tələbələr tərəfindən qoyulur. Bu baxımdan ölkəmizdə də biznes inkubasiya mərkəzlərinin universitetlərlə daimi əməkdaşlıq şəraitində olması, orada oxuyan parlaq biznes ideyası olan gənclərimizi aşkar etməsi və elə orada da potensiallı tələbələrin iştirakı ilə komandaların formalaşdırılması, onların biznes dünyasına qoşulmasına dəstək olunması kimi işlərdə aktiv olmalıdırlar.

Mən inanıram ki, universitetlərimizdə böyük potensiala sahib gənclərimiz çoxdur və biz onlara dəstək ola bilmək üçün orada olmalıyıq, tələbələri universitetlərdə qarşılamalıyıq. Onlar təklikdə çox yaxşı mütəxəssis ola bilərlər, amma komandalar formalaşdıraraq, böyük bizneslər qurmağa da ən yaxın onlardır. Bu komandaları qurmaq üçün ən yaxşı məkan da, fikrimcə, universitetlərin özüdür. Bu səbəbdən “Baku Business Factory” olaraq, yolumuzu universitetlər üzərindən salmağa çalışırıq. Bütün universitetlərin tələbələri biznes ideyaları yaranan zaman bizə müraciət edə biləcəklərini və ideyaları seçilərsə, uğurlu bir biznesə çevrilənə qədər bütün gücümüzlə onların yanında olacağımızı bilməlidirlər. Bu bilgi onlara əminlik hissi gətirəcək və bu hisslə də onlar gələcəyin toxumlarını əkə biləcəklər”.

Xatırladım ki, “Baku Business Factory” bu ilin may ayında gənclərin biznes təşəbbüslərinin dəstəklənməsi və onlara biznes vərdişlərinin aşılanması məqsədilə təsis etdiyim biznes inkubasiya mərkəzidir. Hazırda mərkəzdə 14 fərqli biznes layihəsi öz fəaliyyətlərini davam etdirir.

Daha ətraflı məlumat üçün: http://bbf.az/