“BBF”-in təşəbbüskarlıq mövzusunda biznes forumu böyük marağa səbəb olub


Təsis etdiyim “Baku Business Factory”nin (BBF) təşkilatçılığı ilə oktyabrın 10-da “Hilton” otelində 200-dək şəxsin iştirakı ilə təşəbbüskarlıq mövzusunda biznes forum keçirilib. Forumda dövlət nümayəndələri, bir çox yerli aparıcı şirkətlərin nümayəndələri, biznesmenlər, akademik şəxslər və xarici mütəxəssislər iştirak ediblər.

Forumun açılışında çıxış edən BBF-nin direktoru professor Əlövsət Müslümov bildirib ki, artıq bir neçə ildir ki, dövlətimiz tərəfindən gənclərin biznes təşəbbüslərinin dəstəklənməsi və onların bu sahəyə olan marağının artırılması üçün müxtəlif işlər görülür. Onun sözlərinə görə, BBF-nin də əsas məqsədi biznes yönümlü ideyaları olan gənclərin biznes təfəkkürlərinin inkişaf etdirilməsi və onlar üçün maddi-texniki bazanın təmin edilməsini həyata keçirməklə ölkəmizdə yeni biznes vərdişlərinin formalaşdırılmasıdır. Ə.Müslümov çıxışında bildirib ki, gənclərin BBF-yə marağı olduqca böyükdür və müraciətlərin sayı gözləniləndən də çoxdur: “Bugünədək BBF-nin bir hissəsi olan və ödənişsiz əsaslarla fəaliyyət göstərən Kovörkinq Mərkəzinə 130 müraciət daxil olub. Hazırda Mərkəzdə 13 fərqli layihə üzrə 26 nəfər fəaliyyətə başayıb”. Ə.Müslümov, həmçinin qeyd edib ki, Startap Laboratoriyası da cari ilin sentyabr ayından fəaliyyətə başlayıb: “Daha geniş dəstək proqramı nəzərdə tutulan laboratoriyada artıq 140 layihə təklifi almışıq ki, müraciətlərin daha da artacağını gözləyirik. Biz gənclərə öz layihəsini biznesə çevirərək dünyaya çıxmasına da yardım edəcəyik”.

Sonra Forumda Boğaziçi Universitetinin Professoru Dr.Özer Ertuna “Sürətli dəyişən dünyada uğurlu təşəbbüskarlıq” mövzusunda çıxış edib. O bildirib ki, təşəbbüskarlığa dəstək həmin təşəbbüskarlığın ortaya çıxmasını təmin edəcək şərait yaratmaq və maneələri aradan qaldırmaqdır. “Yeni dünyada yaşayırıq və bu da yeni ehtiyaclar yaradır. Artıq 10-20 il sonra fəaliyyət sahələri indikinin tam tərsi olacaq və indi daha azlıq təşkil edən sənətkarlıq və yaradıcılıq sahələri ən çox tələb olunan yerini alacaq”. Ö.Ertuna deyib ki, hazırda dünyada işsizlik 10%-dən çoxdur və bu rəqəm müxtəlif ölkələrdə dəyişir: “Türkiyədə universitet məzunlarının işsizlik səviyyəsi 25%-i keçib. Demək olar ki, ciddi böhran yaranıb. Böhrandan xilas olmağın yolu da yeni ideyalara təşəbbüskarlıqdır.” – deyə, o qeyd edib.

Forumda “Təşəbbüskarlıq və Silikon Vadisi Tarixi” mövzusunda çıxış edən Silikon Vadisini və Türk Telecom Argelanı təmsil edən Dr.Mustafa Ergen bir çox misallar üzərində təşəbbüskarlığın tarixindən danışıb. O inkişaf edən dünyada aparıcı qüvvə olan təşəbbüskar insanların texnologiya tarixində rol oynamasından bəhs edib. Ətraflı çıxışında M.Ergen Apple, Microsoft və digər aparıcı şirkətlərin uğurunun əsasında dayanan səbəbləri açıqlayıb, gənclərə mesajlarını çatdırıb.

Qeyd edim ki, Forumun əsas məqsədi Azərbaycanda son illərdə sürətlə inkişaf edən yeni biznes təşəbbüslərini təşviq etmək və bu sahədə dünya miqyasında uğurlar qazanmış şəxslərin öz təcrübələrini gənclərlə bölüşməsinə şərait yaratmaqdır.