Startaplarımızla birlikdə böyük uğurlara addımlayırıq


Təsisçisi olduğum “Baku Business Factory” Biznes İnkubasiya Mərkəzi 3 yaşında olmasına baxmayaraq, ciddi uğurlar və nəticələr əldə etməyə davam edir.

Əsas nailiyyətlərimiz haqqında əvvəlki yazılarımda sizinlə məlumatlar bölüşmüşəm. Son nailiyyətimiz isə məni xüsusilə sevindirir. Çünki bu uğur birbaşa “Baku Business Factory”nin özü ilə bağlı yox, gördüyü işlərdən gözlədiyimiz nəticələrlə bağlıdır.

Ötən həftə Gürcüstanda “Welcome Challenge” adlı Beynəlxalq İnnovasiya Forumu keçirilib. Forumun əsas məqsədi turizm, otelçilik və səyahət üzrə innovativ həll yolları təklif edən startapları bir araya toplamaq, onlar arasından ən yaxşıları müəyyənləşdirmək və onları potensial investorlarla əlaqələndirmək olub. İştirakçı startaplar iki regionun – Qafqaz və Mərkəzi Asiya ölkələrini təmsil edib. Foruma Azərbaycanı təmsil etmək üçün “Baku Business Factory”nin dəstəyi ilə 2 startap göndərilib. Bunlar elə “Baku Business Factory”nin dəstəklədiyi və rezidenti olan EcoSolution,- hansı ki, bu layihə otellərdə və digər turizm obyektlərində tullantıların səmərəli idarə olunmasını asanlaşdıran həll yolu təklif edir, digəri isə OnBranch-dır. Bu layihə isə eyni məkanda olan insanları birləşdirən sosial şəbəkədir. Bu iki startapımız müsabiqədə müvafiq olaraq 1-ci və 2-ci yerləri qazanaraq Azərbaycanı və yuxarıda qeyd etdiyim regionları dünyanın bütün bölgələrindən olan startapların qatılacağı forumda təmsil etmə hüququ qazanıb. Ən əsası da hər 2 startapımız bütün münsiflər heyətinin və ölkə koordinatorlarının yekdil səsverməsi ilə 1-ci və 2-ci yerlərə layiq görülüb.

Əvvəlki yazılarımda qeyd etdiyim kimi, “Baku Business Factory” olaraq startaplarımızın beynəlxaq bazara çıxması və orada uğur qazanması bizim ən vacib prioritetlərimizdən biridir. Bunun üçün də dayanmadan işlər görür, xarici və beynəlxalq potensial tərəfdaşlar taparaq onlarla əlaqələr qurur və startaplarımızın bu əlaqələrdən yararlanmasına imkan yaratmağa çalışırıq. Bu uğur bu istiqamətdə apardığımız əməkdaşlıqlardan əldə etdiyimiz ilk nəticədir və ən əsası dəstəklədiyimiz startaplar tərəfindən qazanılıb. Bu səbəbdən də mənim üçün xüsusi əhəmiyyət daşıyır. Əlbəttə, bizim hədəflədiyimiz əsas məqsəd startaplarımızın belə müsabiqələrdə yaxşı yerlər tutması deyil, onların beynəlxalq bazarda uğurla çıxış etməsidir. Biz bunun üçün çalışırıq. Lakin bu cür nailiyyətlər də onların həvəslənməsində, xarici investorlarla əlaqə qurmasında və xarici bazarlara çıxmasında ciddi rol oynayır.

Xatırladım ki, “Baku Business Factory” 2015-ci ilin may ayında gənclərin biznes təşəbbüslərinin dəstəklənməsi və onlara biznes vərdişlərinin aşılanılması məqsədi ilə təsis etdiyim biznes inkubasiya mərkəzidir. Hazırda mərkəzdə 23 fərqli biznes layihəsi icra olunur.

Daha ətraflı məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz: http://bbf.az/