Ölkəmizdə fəaliyyət göstərən 10-a yaxın biznes inkubasiya mərkəzlərindən biri də “Baku Business Factory”dir. Həmin mərkəzlərdə fəaliyyət göstərən startapların əsas problemlərindən biri beynəlxalq bazara çıxmaq və beynəlxalq bazarda tanınmaqdır. Artıq startapların yerli bazarda rəqabətcil bizneslərə çevrilə bilməsi üçün müəyyən infrastruktur işləri görülmüşdür. Lakin startaplar, xüsusilə də, texnologiya sahəsində işləyənlər üçün yerli bazarlardan asılı qalmaq dövrü artıq geridə qalıb.
Statistikaya görə, texnologiya sahəsində fəaliyyət göstərən startapların 86 %-i təsis olunduğu andan etibarən beynəlxalq bazarın iştirakçısına çevrilir. Bu səbəbdən milli startaplarımızın beynəlxalq bazara çıxması və tanıdılması üçün ciddi işlər görülməlidir. Görüləcək işlər arasında ən uyğun olanlardan birinin xarici tərəfdaşlarla işləmək olduğunu düşünürəm.
Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlıq etməklə yanaşı, beynəlxalq bazarda bir sıra uğurlar qazanmış startap, biznes inkubasiya mərkəzi, ticarət və konsaltinq təşkilatı kimi qurumlarla əlaqələr qurmaqla və bu əlaqələrdən startaplarımızın yararlanmasına şərait yaratmaqla ölkəmizdə fəaliyyət göstərən startapların beynəlxalq bazara çıxması üçün ciddi işlər görmüş olarıq. Bu, həmçinin, yerli biznes inkubasiya mərkəzlərinin beynəlxalq səviyyədə tanınmasına gətirib çıxara bilər ki, bunun mühüm iqtisadi faydalarını görə bilərik. Belə ki, regionda və hətta digər xarici ölkələrdən olan istedadlı gənclər öz layihələrinə start vermək üçün Azərbaycanı seçə bilər, onların sayın getdikcə artması və əldə etdiyi uğurlar ölkə iqtisadiyyatı üçün ciddi əlavə dəyər yarada bilər.
Artıq dəfələrlə müşahidə etmişik ki, ölkəmizdə startap və innovasiya ekosistemində fəaliyyət göstərən təşkilatlar hər zaman bir-biri ilə sıx əməkdaşlıq etməyə hazırdırlar. Düşünürəm ki, onlar bu sahədə də əməkdaşlıq edərək startapların beynəlxalq bazarın iştirakçısına çevrilməsi üçün konkret yol planı hazırlamalıdırlar. Bu yol planının tərkib hissəsi olan xarici tərəfdaşlarla əməkdaşlıq da görəcəyimiz işlər arasında ən mühüm addımlardan biri olacaq.
Biz, “Baku Business Factory” olaraq artıq əməkdaşlıq edə biləcəyimiz xarici tərəfdaşların axtarışına başlamışıq. Bu tərəfdaşlar arasına rəsmi dövlət orqanlarından tutmuş startaplara kimi müxtəlif institut və qurumlar daxildir. İrəlidəki aylarda ilk tərəfdaşlarla işləmə imkanı qazanacağımızı düşünürük. Mərkəzimizdə yerləşən startaplar bu əməkdaşlıqlardan yararlanma imkanı əldə edəcəklər. Eləcə də, BBF-də yerləşməyən startaplar da faydalanmaq üçün bizə müraciət edərsə, biz onları geri çevirməyəcəyik. Məqsədimiz bütün startap ekosistemi üçün faydalı və işlək mexanizm yaratmaqdır.
BBF-in bu sahədə görəcəyi işlər uğurlu alınarsa, 3 mühüm nəticə əldə edə biləcəyik:
– birincisi, yerli startapların beynəlxalq brendə çevrilməsi üçün yol açılacaq;
– ikincisi, Azərbaycan özü ideya qəbul edən ölkələrdən birinə çevriləcək, bu da iqtisadi şaxələnməni daha da artıracaq;
– üçüncüsü və ən vacibi isə, startaplarımızın beynəlxalq bazarda uğurlu çıxış etməsi nəticəsində ölkə iqtisadiyyatı üçün əlavə dəyər yaradılacaq.
Xatırladım ki, “Baku Business Factory” 2015-ci ilin may ayında gənclərin biznes təşəbbüslərinin dəstəklənməsi və onlara biznes vərdişlərinin aşılanılması məqsədilə təsis etdiyim biznes inkubasiya mərkəzidir. Hal-hazırda mərkəzdə 20 fərqli biznes layihəsi öz fəaliyyətlərini davam etdirirlər.
Daha ətraflı məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz: http://bbf.az/