Regionlarda Yeni Biznes İmkanlarının Yaradılması


“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq respublikamızda həyata keçirilən mühüm tədbirlərin nəticəsində regionlarımızda iqtisadi vəziyyətin dəyişməsi paytaxt ilə regionlar arasındakı fərqləri azaltmaqdadır. Bu günədək həyata keçirilən Dövlət Proqramları əhalinin işgüzar fəallığının artmasına, regionlarda sahibkarlıq fəaliyyətinin daha da genişlənməsinə, infrastruktur layihələrin həyata keçirilməsinə səbəb olub. Xüsusilə də, son dövrlərdə neftin qiymətinin düşməsi fonunda regionların inkişafı ilə bağlı yeni proqramların həyata keçirilməsi, kənd təsərrüffatı, istehsal və xidmət sektorlarının ön plana çıxmasına, regionlarda biznes fəaliyyətlərinin daha da inkişaf etməsinə gətirib çıxaracaq.

Uzun illər regionlardan ixtisaslı kadrların Bakıya axını davam edib. Lakin dövlətimiz tərəfindən həmin ixtisaslı kadrların regionlarda saxlanılması və onların orada sosial-iqtisadi inkişafa töhfə vermələrinin təşviq edilməsi ilə bağlı artıq xeyli işlər görülüb və görülməkdə davam edir. Hazırkı vəziyyətdə özəl sektorun da bu yöndə iş aparması zərurəti yaranıb. Gənclərin və ixtisaslı kadrların regionlarda onlar üçün yaradılan imkanlar haqqında məlumatlandırılması, onlar üçün yeni iqtisadi situasiyada nələr edilə biləcəyi haqqında təkliflərin hazırlanılması, eləcə də, biznesdə böyük təcrübələrə malik insanların öz təcrübələrini onlarla bölüşməsi yönündə işlərin aparılmasında özəl sektorun üstünə də xeyli öhdəlik düşür.

Öz biznes fəaliyyətinə Azərbaycanın regionundan başlayan bir şəxs kimi mən özüm də gənclərin hansı çətinliklərlə üzləşə biləcəyini təxmin edirəm.

Təcrübə mübadiləsi üçün kifayət qədər geniş imkanlara malik paytaxt Bakıdan fərqli olaraq, regionlarda bəzi hallarda gənclərin sadəcə bir məsləhətə, təkana ehtiyacı olur. Gənclər üçün həyata keçirmək istədikləri layihə ilə bağlı qarşıya çıxan problemlərin həll olunması yollarını göstərən təcrübəli şəxslərin tövsiyələri olduqca vacibdir.

Bu yöndə tədbirlərin görülməsi məqsədilə artıq biz də öz öhdəmizə düşən işlər üçün planlar hazırlayırıq. İlkin olaraq, gənclərin biznes təşəbbüslərinin dəstəklənməsi üçün keçən ilin may ayında təsis etdiyim “Baku Business Factory” regionlara gedərək orada biznes maarifləndirilməsi işlərinin aparılması, potensial biznes sahələrinin regionlara görə araşdırılıb üzə çıxarılması və bunun nəticəsində həyata keçirilə biləcək biznes fəaliyyətləri haqqında təkliflərin hazırlanılması, mövcud bizneslərin və yeni yarana biləcək bizneslərin ixrac qabiliyyətinin formalaşdırılması metodları istiqamətində hazırlıqlara başlayıb. Biz bu işdə tək deyil, həm dövlət orqanları və özəl şirkətlər, həm də uyğun sektorlar üzrə ekspertlərlə əməkdaşlıq edərək daha effektiv nəticələr əldə etməyə çalışacağıq.

Mən əminəm ki, “Baku Business Factory” regionlardakı gənclər və ixtisaslı kadrlarla əməkdaşlıq edərək, orada uğurlu layihələrin həyata keçirilməsində mühüm işlər görəcək. Lakin bu yöndə ən böyük yük regionlarımızdakı gənclərimizin üzərinə düşür. Bizim məqsədimiz çətin yolu seçərək öz regionunda qalıb həmin yerin sosial-iqtisadi inkişafında mühüm töhfələr vermək istəyən gənclərlə işləməkdir. İnanıram ki, bu cür gənclər bir neçə on il sonra böyük uğurlara imza atan şəxslər sırasında olacaqlar.

Xatırladım ki, “Baku Business Factory” 2015-ci ilin may ayında gənclərin biznes təşəbbüslərinin dəstəklənməsi və onlara biznes vərdişlərinin aşılanması məqsədilə təsis etdiyim biznes inkubasiya mərkəzidir. Hazırda mərkəzdə 15 fərqli biznes layihəsi öz fəaliyyətlərini davam etdirir.

Daha ətraflı məlumat üçün: http://bbf.az/