Üzdən iraq ekspertlərə dünya analitiklərinin tutarlı cavabı


Hörmətli oxucum!

Bu yazı ilə mənim və ümumilikdə “SOCAR Trading S.A.” haqqında ötən ilin sonunda KİV-də yer alan böhtan xarakterli məlumatların ifşa olunması mövzusunu burada yekunlaşdırmaq istəyirəm.

Beləliklə, bütün dezinformasiya xarakterli məlumatlar “Global Witness” təşkilatının ötən ilin dekabr ayında dərc olunmuş hesabatından qaynaqlanır. Sonradan da məlum olduğu kimi sözü gedən təşkilatın neft sahəsində, xüsusilə də treydinq şirkətlərinin fəaliyyəti sahəsində səriştəsi olmayan “ekspertləri” əsassız olaraq mənim korrupsiya əməliyyatlarında və ARDNŞ ilə güya ki, 48 iri layihə və birgə müəssisələrdə iştirak etdiyimi iddia edirdilər. Bu hesabatın dərc olunma məqsədi də çox güman ki, hər kəsə aydındır – həmin hesabat Bakıda mühüm beynəlxalq enerji layihələrinin imzalanmasından bir həftə əvvəl dərc olunmuşdu və Azərbaycanın nüfuzuna xələl gətirmək məqsədini güdürdü. “Global Witness” təşkilatının bu fikri bəzi Azərbaycan KİV-i tərəfindən götürülüb və məni “naməlum milyonçu” və “qeyri-qanuni oliqarx” adlandıraraq, mənim haqqımda bu cür böhtan xarakterli məlumatlar geniş yayıldı. 2013-cü il dekabr ayının 19-da verdiyim bəyanatımda, eləcə də müstəqil “Business Time” jurnalına verdiyim müsahibəmdə mənim ictimaiyyət qarşısında çıxış etməməyimin və özüm haqqında ətraflı məlumat verməməyimin səbəbləri ilə bağlı oxuculara ətraflı şəkildə məlumat vermişəm. İctimaiyyətə geniş tanınmamağım mənə bütün diqqətimi öz işimə cəlb etməyə və fəaliyyətimdə müvafiq müsbət nəticələr əldə etməyə imkan yaratdı. Bu yolu seçərkən, mən həmçinin özümün və ailəmin şəxsi həyat toxunulmazlığının müdafiə olunması düşüncəsinə əsaslanırdım. Məhz “Global Witness” təşkilatının müvafiq hesabatının dərc olunmasından sonra mən ictimaiyyət qarşısına çıxmağı və işgüzar imicimi müdafiə etməyi özümə borc bildim.

“SOCAR Trading S.A.” ilk milli neft-treydinq şirkətinin yaranma prosesi və fəaliyyətində guya mənim mənfi rolum haqqında “Global Witness”-in ittihamları və uydurma xurafatları bu yaxınlarda müstəqil beynəlxalq ekspert təşkilatlarının hesabatları ilə təkzib olunub. “Boston Consulting Group”(BCG)“Wood Mackenzie” kimi dünya şöhrətli konsaltinq şirkətlərinin 2008-2013-cü illər ərzində “SOCAR Trading” şirkətinin fəaliyyəti və Azərbaycan neftinin mövqeyinin beynəlxalq bazarlarda möhkəmləndirilməsindəki rolu haqqında hesabatları məsələyə son nöqtəni qoyub.

Qeyd etmək lazımdır ki, BCG və “Wood Mackenzie” enerji və digər sektorlarda iri şirkətlərin fəaliyyətlərinin peşəkar qiymətləndirilməsi üzrə ixtisaslaşmış beynəlxalq nüfuzlu şirkətlərdir. BCG və Wood Mackenzie-nin mütəxəssislərinin hesabatlarından müəyyən etmək olar ki, “SOCAR Trading”-in təsis olunması və onun 2008-2013-cü illərdə effektiv marketinq fəaliyyəti nəticəsində Azərbaycan xam neftin satışından əlavə olaraq 1.7-1.8 milyard ABŞ dolları məbləğində mənfəət əldə etmiş və ümumiyyətlə “Azeri Light”-ın premiumunun artmasına nail olmuşdur. Bundan əlavə “SOCAR Trading” üçüncü tərəflər ilə treydinq biznesinin inkişafına nail olaraq, Azərbaycana əlavə olaraq milyonlarla gəlir qazandırmağa müvəffəq olmuşdur. Bundan başqa, hesabatlar təsdiq edir ki, 2010-cu ildən başlayaraq, “SOCAR Trading” hər il 70 mln. barel Türkmənistan, Qazaxıstan, Rusiya və digər neftləri alaraq beynəlxalq bazarda satışını həyata keçirir. Hesabatlarda qeyd edilir ki, “SOCAR Trading” əvvəlki sistemlərdən fərqli olaraq xam neftin satışında bazarın qısamüddətli imkanlarına və ya axsamalarına adaptasiya oluna bilən daha fəal və çevik sistemdir. Xüsusilə, qeyd olunur ki, ARDNŞ tərəfindən neft birbaşa istehlakçılara çatdırılmasaydı, “SOCAR Trading”-in 2011-ci ildə Liviya böhranı zamanı əldə etdiyi əlavə gəlir böyük ehtimalla xarici treyderlərdə qala bilərdi. Hesabatlarda qeyd olunur ki, “SOCAR Trading” şirkətinin səmərəli fəaliyyəti “Azeri Light” Azərbaycan neftinin dünya bazarlarındakı mövqeyini nəzərəçarpacaq dərəcədə möhkəmləndirib. Brent markalı neftə nisbətdə “Azeri Light” neftinin qiymətinin yüksəlməsinə müsbət təsir edən xarici amillər arasında ekspertlər hər şeydən əvvəl o faktı qeyd ediblər ki, xarici neft emalı müəssisələri keyfiyyətli xammala üstünlük veriblər. Çünki bu neftin emalı zamanı orta hesabla çoxlu sayda distillə fraksiyası əldə olunur və ona görə də, bu xam neftə olan tələbat artıb. Şübhəsiz, nüfuzlu konsaltinq şirkətlərinin yuxarıda qeyd edilən hesabatları “SOCAR Trading” şirkətinin fəaliyyəti barədə, həmçinin bu şirkətin yaranması və inkişafı prosesində mənim pozitiv roluma dair hər hansı şübhələri tamamilə aradan qaldırdı. Nəticədə, hətta ən radikal mövqedən çıxış edən Azərbaycan KİV-ləri həmin hesabatlara əsaslanaraq tutarlı məqalələr dərc ediblər. Sonda, oxucuları Azərbaycana düşmənçilik mövqeyində dayanan qüvvələrin dəstəyi ilə hazırlanmış müxtəlif əsassız, “sifarişli” hesabatlara uymamağa çağırıram. Gözləniləndir ki, Azərbaycanın hər bir yeni uğuru zamanı bizim maraqlarımıza təcavüz və bu nailiyyətlərə ləkə salmaq üçün yeni cəhdlər ediləcəkdir.

Diqqətinizə görə minnətdaram!