Mən bu fikrin qəti tərəfdarıyam ki, xeyriyyəçilik Vətəndən başlayır. İstər şəxsi, istər sosial xeyriyyəçilik, sevdiklərinin qayğısına qalmaq, ehtiyacı olanlara əl tutmaq, yardım etmək humanistliyin ən vacib şərtlərindən biridir. Fikrimcə, Azərbaycan yüksək inkişaf tempi sayəsində inkişaf etmiş ölkələrin sırasına qoşulsa da, uşaqların sağlamlığının və rifahının mühafizə olunmasında hələ də çatışmazlıqlar mövcuddur. Bu xeyriyyəçilik məramı məni Save the Children (Uşaqların Xilası) təşkilatına gətirdi. Uşaqların hüququnun qorunması ilə məşğul olan bu təşkilat sözügedən məsələdə səmərəli və fəal inkişafa nail olunması üçün Azərbaycan hökumətinə texniki köməklik göstərir.
Təşkilatın veb-saytında qeyd olunan məlumata əsasən, Save the Children təşkilatı Azərbaycanda 1993-cü ilin dekabr ayından Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar fəaliyyətə başlayıb. Təşkilatın fəaliyyət dairəsi yurd-yuvalarından didərgin düşmüş Azərbaycan əhalisinin təcili humanitar yardımla təchiz edilməsi, insanların uzunmüddətli səhiyyə, təhsil və məşğulluq məsələlərini əhatə edir.
Save the Children özünün ilkin məqsədi kimi beynəlxalq humanitar yardım səylərinin maliyyələşdirilməsi və əlaqələndirilməsi vasitəsilə fövqəladə hallara cavab tədbiri kimi genişəhatəli qrant proqramının həyata keçirilmәsinin öhdəsindən gələ bilib. Təşkilat 1998-ci ildən etibarən öz diqqətini inkişaf proqramlarına yönəldib və iqtisadi imkanları dəstəkləməklə, ailə və icmaların sağlam həyat tərzinə dəstək olur. Save the Children sosial və fiziki infrastrukturu təkmilləşdirməklə uşaqların ehtiyaclarını ödəmək istiqamətində ailələrə və icmalara kömək etmək, yeni tədris materialları və kurrikulumların təşkili üçün yerli QHT-lər, biznes dairələri, icmalar və Azərbaycan hökuməti ilə bigə müxtəlif layihələr həyata keçirməkdədir.
Gəlin Azərbaycan və bütün dünyada xoş dəyişikliklər üçün səylərimizi birləşdirək!
Save the Children təşkilatının qlobal layihələrinə öz ianələrinizi yönəldə bilərsiniz. Əminəm ki, xeyirxahlığınız mütləq qiymətləndiriləcək.
Diqqətiniz üçün təşəkkür edirəm,
Anar.