“Baku Business Factory” 1 yaşını qeyd edir


Keçən ilin may ayının 4-də təsis etdiyim“Baku Business Factory” 1 yaşını qeyd edir.

Təşkilatımız 1 il ərzində startaplar, frilanserlər və bu ekosistemdə fəaliyyətdə olan digər təşkilatlarla yaxın əməkdaşlıq içində olaraq ekosistemin inkişafına öz töhvəsini vermişdir. Ümumilikdə, BBF 1 il ərzində 550-əyaxın müraciət qəbul etmişdir. Bu müraciətlər arasından seçilən layihələr və frilanserlər BBF-in xidmətlərindən istifadə edərək öz bizneslərini qurmaq və inkişaf etdirmək yönündə dəstəklər almışlardır. Hazırda xidmətlərimizdən 19 layihə və 3 nəfər frilanser olmaqla 70 nəfərə yaxın şəxs yararlanır. Bu layihələrdən 13-ü artıq kommersiyalaşmışdır ki, onlardan 2-i hazırda öz xidmət və məhsullarının ixracı üzərində çalışırlar. Qalan 6 layihə isə hazırlıq mərhələsindədirlər.

1 il ərzində BBF tərəfindən seçilən layihələrə ofis və ofis avadanlıqları, mentorluq, biznes mövzusunda müxtəlif təlim xidmətləri göstərmişik. Bu xidmətlər xaricində eyni sektorda fəaliyyət göstərən başqa şirkətlərlə də əməkdaşlıqlar edərək müxtəlif layihələrə imza atdıq. Eyni zamanda 2015-ci ilin oktyabr ayında “I Bakı Biznes Forumu”nu təşkil edərək ölkəmizdə startap mühitinin inkişafı və təbliği ilə bağlı müəyyən işlər gördük. Bir əvvəlki yazımda da qeyd etdiyim kimi, “Baku Business Factory”də bütün işlərini həyata keçirərkən əsas diqqət etdiyimiz məqamlardan biri də ölkə iqtisadiyyatının şaxələnməsinə töhvə verməkdir. Bu səbəbdən biznes layihələrini seçərkən təkcə onların rəqabət göstərdiyi təşkilatlardan fərqlənməsinə deyil, onların bir-birindən fərqlənməsinə də əhəmiyyət veririk.

Bunun nəticəsi olaraq hazırda BBF-in xidmətlərindən istifadə edən 19 layihə bütün 4 əsas iqtisadi sektoru, yəni istehsal, xidmət, ticarət və kənd təsərrüfatı sektorlarını, əhatə etməklə 15 ayrı biznes fəaliyyəti növünü əhatə edir. Gənclərin biznes təşəbbüslərinin dəstəklənilməsi yönündə aparılan işlərin nəticəsi olaraq BBF 2016-cı ilin fevral ayında “Business Time” jurnalı tərəfindən Azərbaycanda hər il üçün müəyyən edilmiş sahələr üzrə ən yaxşı şirkətlərin seçildiyi “Azeri Business Award” Milli Mükafatına layiq görülmüşdür. Bu yöndə BBF ilin gənclərlə bağlıbiznes təşəbbüsü nominasiyası üzrə ilin ən yaxşı şirkəti seçilmişdir.

Xatırladım ki, “Baku Business Factory” 2015-ci ilin may ayında gənclərin biznes təşəbbüslərinin dəstəklənməsi və onlara biznes vərdişlərinin aşılanılması məqsədilə təsis etdiyim biznes inkubasiya mərkəzidir. Hal-hazırda mərkəzdə 19 fərqli biznes layihəsi öz fəaliyyətlərini davam etdirirlər.

Daha ətraflı məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz: http://bbf.az/